BAKI, 4 avqust. TELEQRAF
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkədə səfərdə olan Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı admiral Navid Əşrəf və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdən əvvəl qonaqlar Şəhidlər xiyabanında ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Sonra Azərbaycan Ordusunun Baş Qərargahında görüş keçirilib. General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Ölkələr arasında əlaqələrin qədim tarixi köklərə söykəndiyini qeyd edən Baş Qərargah rəisi hərbi əməkdaşlığımızın yüksək inkişaf mərhələsində olduğunu vurğulayıb.
Admiral N.Aşraf isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qarşılıqlı görüşlərin ikitərəfli hərbi əməkdaşlığa müsbət töhfələr verəcəyindən əminliyini ifadə edib.
Görüşdə Azərbaycan və Pakistan hərbi dənizçilərinin peşəkarlığının daha da artırılması məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş və səmərəli fikir mübadiləsi aparılıb.