BAKI, 12 iyun. TELEQRAF
Ağdam rayonunda 21 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla intim əlaqədə olmaqda və onu başqa tanışları ilə münasibətə təhrik etməkdə ittiham olunub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Bərdə rayon sakini Səyyad ötən il iyulun əvvəllərində Ağdam rayonunun kəndində Ləmanın (adlar şərti verilib – red.) yaşadığı evin həyətinə gəlib. O, on altı yaşına çatmayan Ləmanla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.
Səyyadın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Səyyad özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, Ləman ona 2025-ci ilin iyul ayının 4-də və 5-də sosial şəbəkədə yazıb: “Təxminən 7-8 gün sonra məni gecə saat 4 radələrində yaşadığı evin həyətinə çağırdı. Küçə qapısının yanında təxminən beş dəqiqə qaldım. Həyətdə bir dəfə qeyri-təbii yolla əlaqədə oldum. Görüşməyi Ləman özü təklif elədi. Küçə qapısının qabağında qarşılayaraq həyətə dəvət etdi. Onunla təbii yolla cinsi əlaqədə olmamışam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Ləmanla görüşdüyü vaxt o, mobil telefonla başqa oğlanlarla yazışıb: “Təxminən 16-17 gün sonra gecə saat 4 radələrində Ləman mənim yaşadığım evin həyətinə gəldi və yenə qeyri-təbii yolla əlaqədə olduq. Bizim yaşadığımız evlərin arasında üç ev var. Onun yaşını soruşmamışam və bilməmişəm. Nömrəsini heç kimə, o cümlədən dayım oğlu Pərvizə verməmişəm”.
Təqsirləndirilən şəxs deyib ki, Ləmanla əlaqədə olandan sonra sosial şəbəkə səhifəsini bağlayıb və yeni səhifə açıb: “Ləman yenidən mənim təzə səhifəmə yazdı. Mənimlə əlaqədə olana qədər başqa şəxslərlə də münasibətdə olduğunu dedi. Ləmanı heç kimə satmamışam, onunla dostluq münasibəti saxlamışam. Qeyri-təbii yolla cinsi əlaqədə olduğuma görə əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Ləmanın sözlərinə görə, Səyyad ilkin olaraq 2025-ci ilin iyul ayında ona sosial şəbəkədə yazıb və tanış olublar: “Mənə görüşməyi təklif etdi, razılaşmadım. Fotolarımı taparaq atama göstərəcəyi ilə məni hədələdi. Məcbur qalıb onu yaşadığım evin həyətinə çağırdım. O, məni şantaj etdiyindən məcburən əvvəl təbii, sonra isə qeyri-təbii yolla əlaqədə oldum”.
Ləman qeyd edib ki, birinci əlaqələrindən təxminən 15-16 gün sonra Səyyad yenidən görüşməyi təklif edib və gecə vaxtı gələrək onu yaşadığı evin həyətinə aparıb: “Səyyadın evinin həyətində qeyri-təbii yolla cinsi əlaqədə olmuşam. O, sosial şəbəkədə yazarkən mənə evlənməyi təklif edib. Sonradan telefon nömrəmi başqa oğlanlara verdi. Daha üç oğlanla da cinsi əlaqədə oldum. Səyyad mənim neçə yaşımın olduğunu bilirdi”.
İş üzrə zərərçəkmiş Ləmanın qanuni nümayəndəsi və anası Gülbənizin sözlərinə görə, 2025-ci ilin sentyabr ayında qızı Ləmanı polis əməkdaşları yaşadığı evdən Ağdam Rayon Polis Şöbəsinə aparıblar: “Səbəb onun barəsində əxlaqsız video yayılması və üç nəfərlə əlaqədə olmasıydı. Hadisədən polis şöbəsində xəbər tutdum. Səyyad 50 manat müqabilində Ləmanı üç nəfərə satıb. Ona qarşı şikayətçiyəm, ağır cəza verilməsini istəyirəm”.
Ağdam Rayon Məhkəməsinin hökmü ilə Səyyad bir il üç ay müddətə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimli müəssisədə çəkilməsi müəyyən edilib.
Qeyd edək ki, Ləmanla digər üç nəfərin – Adil, Sərxan və Aslan adlı şəxslərin də əlaqədə olmaqda ittiham edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət olunub.
Araşdırma zamanı məlum olub ki, zərərçəkmiş adı hallanan şəxslərə aid hissədə qərəzli və həqiqətə uyğun olmayan ifadə verib.
Buna görə onların barəsində Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işinin başlanılması Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilib.
Həmçinin onların əməllərində Cinayət Məcəlləsinin 149 (zorlama), 150 (seksual xarakterli zorakılıq hərəkətləri) və 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsinin tərkib əlamətləri olmadığı müəyyən edilib və Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanılması rədd olunub. Bu barədə cinayət işindən material ayrılaraq Ağdam Rayon Prokurorluğuna göndərilib.