BAKI, 13 oktyabr. TELEQRAF
Baş Prokurorluqda QHT işi üzrə məsuliyyətə cəlb olunmuş Nərgiz Muxtarovanın məhkəməsi başlayıb.
Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, onun himayəsində bir azyaşlı övladı var.
N.Muxtarovanın vəkili Xaliq Hüseynov hakimlər heyətinə iki hissədən ibarət etiraz verib. Birinci etirazını onunla əsaslandırıb ki, hakimlər heyətinə daxil olan Novruz Kərimov və Rasim Sadıqovun hər ikisinin təqaüd yaşı çatıb.
Vəkilin sözlərinə görə, bu iki hakimin icraatına iş verilmir: "Onlar yalnız təqaüd yaşına çatana kimi icraatlarında olan işlərə baxa bilərlər. Buna görə də hər iki hakimin işə bu tərkibdə çıxmalarına etiraz edirik".
Vəkil digər vəsatətində göstərib ki, N.Muxtarovanın həyat yoldaşı Fərid Mehralızadənin işinə də bu hakim heyəti baxıb. Vəkil bu səbəbdən tərkibə bütövlükdə etiraz edib. Deyib ki, bu hakimlər heyəti məhkəmə istintaqını apara bilməzlər.
Dövlət ittihamçısı Eldar Məmmədov vəsatətləri əsassız hesab edib, etirazların təmin olunmamasını istəyib. Dövlət ittihamçısı bildirib ki, hər iki hakim - Rasim Sadıqov və Novruz Kərimovun fəaliyyətinə xitam verilməyib, onlar səlahiyyətlidirlər.
Müşavirə keçirən hakimlər etirazı baxılmamış saxlayıblar.
Daha sonra vəkil Baş Prokurorluğa sorğu göndərilməsini istəyib. Bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin işində adı şahid qismində keçən Şəhla İsmayılın barəsində olan cinayət işi ilə bağlı məhkəməyə məlumat verilsin: "Ona Nərgiz Muxtarovanın ittiham olunduğu iki maddə üzrə əlbirlik ittihamı verilib. Sonra barəsində iş ayrılıb. Biz onun statusunun məhkəmədə müəyyən olunmasını istəyirik. Çünki o, ifadə verərkən and içməli olacaq ki, yalan danışmasın. Onun özünün də təqsirləndirilən şəxs qismində müdafiə olunmaq hüququ var. Bu halları məhkəmədə müəyyən etmək lazımdır".
Vəkil cinayət işinə xitam verilməsi barədə də vəsatət verib. Hakimlər heyəti vəsatətlərin heç birini təmin etməyib.
Məhkəmə baxışı oktyabrın 27-ə təyin olunub.
Qeyd edək ki, N. Muxtarova Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı vəzifə səlahiyyətlərindən istifadə etməklə təkrar leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bu ittihamlar 12 ilədək həbs cəzası nəzərdə tutur. N.Muxtarova ittihamları qəbul etmir.
N.Muxtarova hazırda “AbzasMedia işi” çərçivəsində qaçaqmalçılıqda ittiham olunaraq 9 il azadlıqdan məhrum edilmiş iqtisadçı-jurnalist Fərid Mehralızadənin həyat yoldaşıdır.