BAKI, 8 oktyabr. TELEQRAF
Moskvanın Presnenski Məhkəməsi vəkil və Əfqanıstan müharibəsi veteranı Aleksandr Treşçevin müğənni Alla Puqaçovaya qarşı 1,5 milyard rubl tələb etdiyi üçüncü iddianı qeydə alıb.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Vəkil bundan əvvəl Moskvanın Tverskoy və Savelovski məhkəmələrində də analoji iddialar qaldırsa da, qəbul edilməmişdi.
Xatırladaq ki, müharibə veteranı Aleksandr Treşçevin İçkeriya Respublikasının ilk prezidenti Cövhər Dudayevlə bağlı səsləndirdiyi fikirlərə görə müğənni Alla Puqaçovaya qarşı iddia qaldırıb.
İddiaçı bildirib ki, internetdə yayımlanan videomüsahibədə Puqaçova Rusiya Federasiyasının prezidenti, ordusu və hüquq-mühafizə orqanlarının ünvanına böhtan xarakterli bəyanatlar verib, Rusiya xalqını təhqir edib.
Treşçev məhkəmədən cavabdehin təkzib verməsini və mənəvi ziyana görə kompensasiya ödəməsini tələb edib.
2022-ci ilin yazında Puqaçova ailəsi ilə birlikdə Rusiyanı tərk edərək İsrailə gedib. Müğənni sentyabrın 10-da verdiyi müsahibədə Dudayevi mədəni, ziyalı və hörmətli insan adlandırıb, onun ailəsini tərifləyib.