BAKI, 8 oktyabr. TELEQRAF
İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin vəkili Zibeydə Sadıqova məhkəməyə vəsatət verib. O, məhkəmədən cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edib.
Prokuror vəsatətin hazırkı mərhələdə baxılmamış saxlanmasını istəyib. Vəsatət baxılmamış saxlanıb. Məhkəmə işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.
Növbəti məhkəmə prosesi oktyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib Bayramov Qubad İbadoğlunun qardaşıdır.