BAKI, 29 sentyabr. TELEQRAF

Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə şahid qismində Dilarə Şirinova ifadə verib.

O bildirib ki, 2001-ci ildən mərkəzdə işləyib, 2023-cü ildən direktorun müalicə işləri üzrə müavini olub, həmçinin baş həkim vəzifəsini icra edib: "Yanğın baş verəndə evdəydim. Mehriban xanım zəng etdi, yanğınla bağlı xəbər verdi. Təcili ora gəldim. Mən gələndə Mehriban xanım artıq orada idi. Mərkəzin direktor müavini vəzifəsinə 2023-cü ilin mayında təyin olunmuşam. Mən inzibati məsələlərlə baxmırdım. Həmin vəzifəyə nəzarət başqasında idi. Texniki məsələlər mənim nəzarətimdə deyildi".

Dilarə Şirinovanın sözlərinə görə, 2021-ci ildə Perinatal Mərkəz icbari tibbi sığortaya keçdiyi üçün bir sıra struktur dəyişiklikləri aparılıb: "Mərkəzin direktor müavini postları, eləcə də bölmələr yaradıldı, şöbələr birləşdirildi. Bununla bağlı mərkəzdə iclas keçirildi, dəyişikliklər elan olundu. Həmin vaxt Mehriban xanım direktor deyildi. Bu vəzifəni Məryəm xanım icra edirdi".

Dilarə Şirinova qeyd edib ki, Perinatal Mərkəzdə əvvələr də yanğın baş verib. Həmin dövrdə mərkəzin 3-cü mərtəbəsinin sanitar qovşağında yanğın qeydə alınıb, amma dərhal məhdudlaşdırılıb.

Şahid deyib ki, mərkəzini 4-cü mərtəbəsi yeni doğulmuş uşaqların saxlanılması üçün nəzərdə tutulub: "Şöbə dörd otaqdan ibarət olsa da, iki otaq xidmət göstərirdi. Çünki hər gün iki tibb bacısı şöbədə olurdu. Amma sonradan xəstələr dörd otaqda yerləşdirildi. Tibb bacısı sayı isə artmadı, bu səbəbdən çatışmazlıq yarandı. Şöbədə elektik uzadıcılarından istifadə edilirdi. Elektirik yuvalarındakı nasazlıqlardan xəbərim olmayıb. Bu məsələlərə Elnur Əhmədli nəzarət edirdi".

Şahid bildirib ki, mərkəzdə xəstə körpələrin sayı artırılsa da, avadanlıqlar buna imkan vermirdi: "Mehriban xanım direktor təyin olunandan sonra xəstə sayı artdı. Biz ona məlumat verirdik, o da deyirdi, hamilə xəstəni qəbul edin.

Mehriban xanım həmişə kameralara nəzarət edirdi. Əvvəllər iki otaq idi, sonra isə dörd otaq oldu. Bu da xəstələrin sayının artması ilə bağlıydı. Mehriban xanım həmişə iclaslarda deyirdi ki, xəstə sayının artırmaq lazımdır. Belə olanda mərkəzin direktorundan tutmuş sanitar qovşaqda işləyən şəxsə qədər hamının maaşına təsir edirdi. Mehriban xanım iclaslarda hətta deyirdi ki, kimin qohumunda xəstə varsa, mərkəzə gətirsin".

Şahid qeyd edib ki, xəstələrin sayı artan zaman işçilərin iş yükü də artırıb: "Dəfələrlə mərkəzə tibb bacısı götürmək barədə təkliflər edilib. Mehriban xanımın işin ağırlığından şikayət edən tibb bacılarına işdən könüllü getmələrini təklif etməsindən xəbərim olmayıb".

Dilarə Şirinova hazırda mərkəzin direktoru vəzifəsinini icra edir. Onun sözlərinə görə, mərkəzin ilyarımdır fəaliyyət göstərməməsinin səbəbini bilmir: "Bunun səbəbini TƏBİB-dən soruşmaq lazımdır. Hazırda mərkəz inzibati fəaliyyət göstərir, amma xəstə qəbul etmirik".

Növbəti proses oktyabrın 8-də davam edəcək.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.