BAKI, 24 sentyabr. TELEQRAF
Bakının Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işi üzrə məhkəmə keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrlik etdiyi iclasda prokuror ittiham aktını elan edib.
İttihama görə, hadisə 2025-ci il aprelin 25-də saat 8 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş verib.
Xəzər Rayon Prokurorluğuna 52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə məlumat daxil olub.
İlkin araşdırmalarla 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Səbuhi Əliyev özü də xəsarət alıb.
Məlum olub ki, hadisə söyüş üstündə baş verib.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 128 (qəsdən sağlamlığa zərər vurma) və 228-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
İttihama münasibət bildirən təqsirləndirilən şəxs elan olunmuş Cinayət Məcəlləsinin 120.2.2 və 128-ci maddəsi üzrə özünü təqsirli bilməyib. O, özünü yalnız soyuq silah gəzdirməkdə təqsirli bilib.
Növbəti proses oktyabrın 30-da davam edəcək.