BAKI, 24 sentyabr. TELEQRAF
“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarda həbs olunmuş şair İlhamə Elşadqızı barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrlik etdiyi prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb.
Hakim işdə olan sənədləri açıqlayıb. Məlum olub ki, İlhamə Elşad qızı narkomaniyadan əziyyət çəkmir. Bununla bağlı sənədin cinayət işində mövcud olduğu da qeyd edilib.
Daha sonra İlhamə Elşadqızının evində əməliyyat zamanı aparılan çəkiliş nümayiş etdirilib. Çəkiliş zamanı ona deyilib ki, evində külli miqdarda narkotik vasitə saxlayır, hüquq və vəzifələri ona izah edilib. Sonra evdə axtarış aparılıb.
Görüntülərdən məlum olur ki, təqsirləndirilən şəxs axtarış tədbirlərində yaxından iştirak edib.
Daha sonra cinayət işinin materialları arasında olan digər videogörüntü nümayiş etdirilib. Həmin görüntülər Yasamal Rayon Polis İdarəsində çəkildiyi məlum olub.
Məhkəmədə videoçəkilişlə bağlı təqsirləndirilən şəxs dövlət ittihamçısın suallarını cavablandırıb. Bildirib ki, evində aparılan çəkilişdə qeyd olunanlar yalandır: "Hamısı hap-gopdur. Mənim evimdə kino çəkiblər. Videolar montaj olunub. Anam da orada idi. Anamı çölə çıxardılar, bu zərif əllərimə qandal vurdular. Yeddi nəfər idilər".
Hakim məhkəmə istintaqının tamamlanması barədə tərəflərin fikirlərini öyrənib, etiraz edən olmayıb. Çıxış üçün söz dövlət ittihamçısının verilib.
Çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlinin sübuta yetirildiyini deyib, onun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
İlhamə Elşadqızının vəkili müdafiə nitqində irəli sürülən ittihamın sübuta yetirilmədiyi deyib, müvəkkilinə bəraət istəyib.
İlhamə Elşadqızı son söz deyib, bəraət istəyib: "Mən azadlıq istəyirəm, anam məni gözləyir. Müəllim ailəsində böyümüşəm, mən narkotik qəbul etməmişəm. Məhkəmənin ədalətinə sığınıram".
Daha sonra hakimlər müşavirəyə yollanıb.
Müşavirədən qayıdan hakimlər hökm elan ediblər. İlhamə Elşadqızı 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkməsi müəyyən edilib.
Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.