BAKI, 17 sentyabr. TELEQRAF

Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin (1885-1948) dünyaya göz açdığı 18 sentyabr tarixi ölkəmizdə hər il Milli Musiqi Günü kimi qeyd olunur.

Bu haqda Teleqraf-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. 2009-cu ildə isə Üzeyir bəyin adı ilə şərəflənən Beynəlxalq Musiqi Festivalının əsası qoyulub.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Ənənəvi musiqi bayramı bu il dahi bəstəkarın 140 illik yubileyi ilə əlamətdardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə böyük musiqi xadiminin yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd edilir. Builki festival unudulmaz bəstəkarın yubileyinə qiymətli töhfə olacaq.

Türk Mədəniyyəti və İrsi Fondu ilə ICESCO-nun dəstək verəcəyi festival bu il də bir sıra ölkələrdən (Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və s.) tanınmış ifaçı və kollektivləri, musiqişünasları bir araya gətirəcək.