BAKI, 26 may. TELEQRAF

“Dəqiq bilmirəm söhbət hansı kitabdan gedir. Əgər problem qeyd edildiyi kimi Hüseyn Cavidin "Şeyx Sənan" kitabı ilə bağlıdırsa, o zaman Pəri xanım "Qanun" Nəşriyyatı ilə əlaqə saxlasın və fikrini bildirsin".

Bu sözləri Teleqraf-a "Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu rəssam Pərinisə Əsgərovanın (Pəri Miniatür) müəllif hüquqlarının pozulması ilə bağlı iddialarına cavab verərkən deyib.

"Biz Pəri xanımla əməkdaşlıq etmişik, sifarişimizlə əsərlər çəkib. Ona yaradıcı şəxs kimi çox hörmətim var. Sərgisinə də qatılmışam. Demək istəyirəm ki, bizim ona qarşı heç bir qərəzimiz yoxdur, həmişə əməkdaşlıq etdiyimiz rəssamdır. Yenə sifarişimiz olsa, Pəri xanıma müraciət edəcəyik", - "Qanun" Nəşriyyatının direktoru əlavə edib.

Kitabda istifadə olunan əsərin qonorarına gəlincə, Ş.Xuduoğlu bildirib ki, müəllif müraciət etsə, bu da mümkündür: "Məsələdən indi xəbər tutdum. Pəri xanım bizə müraciət etsə, əvvəlki kimi qonorarını verərik”.

Qeyd edək ki, rəssam Pərinisə Əsgərova əsərlərinin “Qanun” və “Xan” nəşriyyatların kitablarının üz qabığında çap olunmasından şikayətlənib. Bildirib ki, nəşrlərdə müəllif kimi adını belə yazmayıblar.