BAKI, 19 mart. TELEQRAF

Mədəniyyət naziri Adil Kərimli martın 19-da Qətər Dövlətinin ölkəmizdəki səfiri Məhəmməd Həməd Səad əl-Fuheyd əl-Haciri ilə görüşüb.

Nazirlikdən Teleqraf-a bildirilib ki, nazir Azərbaycan ilə Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

Qeyd olunub ki, iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri əməkdaşlığın hərtərəfli inkişafında müstəsna rol oynayır: "Qətərlə mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq üçün yaxşı perspektivlər mövcuddur. Ölkələrimiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, ICESCO kimi beynəlxalq qurumlarda çərçivəsində də fəal əməkdaşlıq edirlər".

Öt il fevral ayında Qətərin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günlərinin yüksək səviyyədə təşkil olunduğunu deyən nazir Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə səfirə təşəkkürünü bildirib.

Səfir Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri səmimi qəbula görə nazirə təşəkkür edib, iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən məmnunluğunu dilə gətirib. O, diplomatik fəaliyyəti dövründə bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

Söhbət zamanı bu il Azərbaycanda Qətər Mədəniyyəti Günlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda səfirə xatirə hədiyyəsi təqdim olunub, birgə foto çəkdirilib.