BAKI, 23 noyabr. TELEQRAF

Türkiyənin tanınmış sənətçisi Özcan Deniz ssenari müəllifi, rejissoru və baş rol ifaçısı olduğu “Son Yemek” filminin Bakıda "Flame Towers" kinoteatrında keçirilən qala gecəsində iştirak edib.

Teleqraf xəbər verir ki, Özcan Deniz jurnalistlərə açıqlamasında Bakı ilə bağlı təəssüratını bölüşüb.

O, gələn ilin fevralda Bakıda konsert proqramı ilə çıxış edəcəyini bildirib.

Ö. Deniz qeyd edib ki, Bakıda ilk dəfə türk filminin nümayişini təşkil edib:

“Bakıya ilk dəfə türk filmini - "Evim Sənsin"i mən gətirmişəm. Bununla qürur duyuram. Bakıya gələndə özümü yad bir yerdə hiss etmirəm, sanki Türkiyənin hansısa şəhərinə gəlmişəm”.

Sənətçi artıq serial çəkilişlərindən uzaqlaşmaq istədiyini də vurğulayıb:

“34 ildir serial çəkirəm. Bundan sonra film çəkmək, musiqi ilə məşğul olmaq istəyirəm. Çünki serial çəkdiyiniz zaman başqa heç nə etməyə imkanınız olmur. Səhər saat 7-dən axşam 12-yə qədər, həftənin yeddi günü işləyirsiniz. 30 ildir serial çəkirəm və artıq yorulmuşam. Artıq sevdiklərimizə vaxt ayırmaq və oğlumu böyütmək istəyirəm”.

Qeyd edək ki, “Son Yemek” filminin baş rollarını Özcan Deniz və aktrisa Öykü Karayel canlandırır.