BAKI, 6 mart. TELEQRAF
Mərkəzi Bankın qərarı ilə, qanunvericiliyə müvafiq olaraq Bank “BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, qeyd olunan razılıq əsasında, Bank “BTB” ASC tərəfindən BOKT-yə çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcək.
Bu çərçivədə, Bank “BTB” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb. Bu müqaviləyə uyğun olaraq Bank “BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaq. Həmçinin, Bank “BTB” ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcək. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və Bank “BTB” ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaq.
Tənzimləyicidən bildirilir ki, “BTB” ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.
Bank “BTB” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində isə 0.6% təşkil edir.
Qeyd edək ki, Bank “BTB” ASC 2025-ci ili zərərlə başa vurub. Bankın ötən il zərəri 404 min manat təşkil edib. 2024-cü ildə isə zərəri 839 min manat olub.
2025-ci ildə bankın kapitalı 2024-cü ildəki 51 milyon 471 min manatdan 50 milyon 925 min manata düşüb (1,06% azalma), cəmi aktivləri isə 2024-cü ildəki 362 milyon 817 min manatdan 356 milyon 822 min manata enib (1,65% azalma).
Xatırladaq ki, "Bank BTB"-nin üç əsas səhmdarı var. Əsas payçı Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevadır. O, bankda 54 829 ədəd adi adlı sənədsiz səhmə malik olmaqla nizamnamə kapitalının 76,7376%-nə sahibdir.