İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Latviyanın iqtisadiyyat naziri Dana Reizniece-Ozolanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Latviya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edərək, ölkələr arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu deyib. Nazir əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, indiyədək ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb. Hazırda Azərbaycanda 30-dan artıq Latviya şirkəti fəaliyyət göstərir. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən İKT, turizm, əczaçılıq, tranzit yükdaşımaları, ticarət, qeyri-neft sektoruna investisiya qoyuluşu, Latviya şirkətlərinin ölkəmizdə yaradılan sənaye, aqrar parklarda iştirakı, birgə müəssisələrin yaradılması sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

Latviyanın iqtisadiyyat naziri Dana Reizniece-Ozola Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacağını vurğulayıb. Latviya iqtisadiyyatına dair məlumat verən xanım Reiznietse-Ozola ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu qeyd edib, ölkələr arasında iqtisadi əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Azərbaycan-Latviya biznes forumu keçirilib.

Bakı Biznes Mərkəzində təşkil edilən tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, logistika, maliyyə, tibb və əczaçılıq, turizm, təhsil, tikinti və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın sahibkar iştirak edib.

Biznes forumda çıxış edən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyətini vurğulayıb. Azərbaycanda “Latviya günləri” çərçivəsində təşkil edilən biznes-forumda Azərbaycan iqtisadiyyatı, əlverişli biznes və investisiya mühiti barədə danışan Şahin Mustafayev qeyri-neft sektorunun prioritetliyini, ölkə iqtisadiyyatının 70 faizə yaxın hissəsinin qeyri-neft sektorunda formalaşdığını vurğulanıb, Azərbaycanın Latviya ilə əlaqələrin inkişafında maraqlı olduğunu, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Nazir latviyalı iş adamlarını sənaye parklarında sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edib.

Latviyalı nazir Dana Reizniece-Ozola Azərbaycana səfərindən məmnunluğunu bildirərək, Bakıda keçirilən “Latviya günləri” çərçivəsində bir sıra tədbirlərin təşkil edildiyini qeyd edib, bu gün keçirilən Azərbaycan-Latviya biznes forumunda Latviyanın 30-a yaxın şirkətlə təmsil olunduğunu deyib. Ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran latviyalı nazir bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial olduğunu vurğulayıb, Latviyada biznes qurmaq istəyən Azərbaycan sahibkarlarına hər cür şərait yaradılacağını qeyd edib.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə məlumat verib, bir sıra Latviya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin nümayəndəsi (LİAA) Aris Kontans ölkəsinin iş adamları arasında sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatına marağın böyük olduğunu bildirib, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni əlaqələrin qurulması baxımından ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini diqqətə çatdırıb.

AZPROMO-nun nümayəndəsi Zaur Qardaşov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nümayəndəsi Samir Məmmədov sənaye parkının fəaliyyətinə, Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kaspars Abiks Latviya iqtisadiyyatı və biznes imkanlarına dair təqdimatlarla çıxış ediblər. Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.

Naibə QURBANOVA