Bank sektorunun son vəziyyəti ilə bağlı ekspertlər fərqli fikirlər söyləyir. Bəziləri ilin əvvəlindən bu sektorun böhranlı durumla üzləşdiyini, bir qismi isə depozitlərin taleyi ilə bağlı vəziyyətin qənaətbəxş olduğunu açıqlayır.
İqtisadçı Samir Əliyev deyir ki, əmanət və kredit qoyuluşunun zəifləməsi, problemli kreditlərin artması fonunda kredit təşkilatlarının gəlirləri ilə zərərləri arasında fərqin azalması bankları sərt addımlar atmağa məcbur edib. Xərclərin optimallaşdırılması adlanan siyasət çərçivəsində filialların bağlanması prosesinə başlanıb və belə davam edərsə, bank sektorunda ixtisarlar qaçılmaz olacaq.
İqtisadçının sözlərinə görə, hazırda sektorun dayanıqlığı sual altındadır: “Mərkəzi Bankın yanvardan sonra bankların maliyyə dayanıqlığına və məcmu kapitalına dair statistik göstəriciləri, habelə gəlir və xərclərinin mövcud durumu barədə məlumatları dərc etməməsi vəziyyətin gərgin olduğunu deməyə əsas verir. Dərc olunmuş 9 aylıq göstəricilər bank sektorunda pisləşmə tendensiyasını qabarıq göstərir”.
Ekspert açıqlamasında tendensiyanın bəzi istiqamətlərini göstərib: “Bankların xarici öhdəlikləri 2014-cü ilin noyabrından sonra ən aşağı həddə (6,3 milyard AZN) düşüb. Kredit qoyuluşu, xüsusilə milli valyutada verilən kreditlərin həcmi azalıb. Manat kreditlərinin həcmi 2013-cü ilin sentyabrı səviyyəsinə düşüb. Problemli kreditlər müstəqillik tarixində ən yüksək həddə (1,4 milyard AZN) çatıb. Belə kreditlərin payı isə 7,1 faizə çatmaqla son 11 ilin rekordunu vurub.
Beynəlxalq Bankdakı restrukturizasiya olunmuş kreditləri də əlavə etsək, vəziyyətin gərginliyinin daha da artdığını deyə bilərik. Əmanət qoyuluşu devalvasiyadan əvvəlki səviyyəyə qədər azalıb. Dollarlaşmanın artması nəticəsində manat əmanəti 2015-ci ildə 2.5 dəfə azalmaqla, onun payı 24 faizə düşüb.
2015-ci ilin təkcə 3-cü rübündə özəl banklara məxsus ən azı 6 filial bağlanıb. Ləğvetmə prosesində olan bankların sayı 5-də 7-yə qalxıb. Kredit kartlarının sayı 2014-cü ilin may ayından bəri ən aşağı həddə (1,13 milyon) düşüb. Plastik kartlarla aparılan əməliyyatların həcmi 2015-ci ilin yanvarından sonra ən aşağı həddə (962 milyon manat) olub".
Samir Əliyevin sözlərinə görə, oxşar problemlər bank olmayan kredit təşkilatlarında (BOKT) da müşahidə edilir.
Ekspert pul bazasının məhdudlaşdırılmasının, büdcə xərcləmələrinin azaldılmasının, iş yerlərinin bağlanmasının fonunda əhalinin gəlirlərinin azalmasının bank dövriyyəsini və kreditləşməni kəskin azaltdığını vurğulayıb: “Üstəgəl probemli kreditlərin artması bankların gəlirlərinin əhəmiyyətli dərəcədə azaldıb, zərərini isə artrıb”.
İqtisadçı Vüqar Bayramov isə vəziyyətin deyildiyi kimi o qədər də təhlükəli olmadığını söyləyir: “Əvvəla, beynəlxalq praktikada əmanət fondlarının aktivləri ilə sığortalanan əmanətlərin həcmindəki payına nəzərən konkret heç bir standart yoxdur. Bu, hər bir fondun öz maliyyə siyasətindən və istifadə etdiyi alətlərin xarakterindən asılı olaraq müəyyənləşdirilir.
İkincisi, regionda iqtisadiyyatı müqayisəli inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, əksər oxşar fondların aktivləri ilə sığortalanan əmanətlərin həcmi arasında kəskin fərq var və bu da iqtisadi baxımdan normal qəbul edilir.
Məsələn, Rusiyada Əmanətlərin Sığortalanması Fondunun aktivlərinin həcmi 83.6 milyard rubldur (1 milyard 326 milyon dollar), sığortalanan əmanətlərin həcmi isə 18.2 trliyon rubldur (290 billion 476 million dollar). Şimal qonşumuzda fondun aktivlərinin ümumu sığortalanan əmanətlərdə payı cəmi 0.45 faizdir. Amma bu anlama gəlirmi ki, Rusiyada bütün vətəndaşların əmanətləri təhlükədədir? Təbii ki, yox.
Üçüncüsü, fondun aktivlərinin genişləndirilməsi daha çox bankların üzvlük haqqının artırılması yolu ilə mümkündür ki, bu da arzuolunan deyil. Çünki bu bankların xərclərinin artmasına və bir sıra məhsulların bahalaşmasına səbəb olacaq. Nəticədə maliyyə bazarına daha bahalı məhsullar təklif ediləcək. Bu cür fondlar adətən riskli bazar alətlərinə yatırım qoymurlar - hətta potensial gəlirlilik səviyyəsi yüksək ola bilsə belə.
Fondun vəsaitlərinin isə nisbətən risksiz alətlərə sərmayə etməklə vəsaitlərin idarəedilməsindən əldə edilən gəlirin həcmini artırmaq olar. Təbii ki, fondun maliyyə bazarında daha aktiv iştirakı arzuolunandır: ancaq bu, az riskli istiqamətlər üzrə olmalıdır.
Dördüncüsü, bütün və ya əksər bankarın eyni zamanda müflis olması nəzəri baxımdan mümkün olsa da, praktik olaraq inandırıcı deyil. Eyni zamanda, 7 bankın likvidizasiyası planlaşdırılmır, əksinə bu proses başa çatmaq üzrədir. 5 bank üzrə bu proses bitib, 2 bank üzrə tamamlanmaq üzrədir. Evrobankda əmanətlər yox idi, Azərbaycan Kredit Bankının aktivləri passivlərindən çox olduğu üçün xüsusi müdaxiləyə ehtiyac olmadı. Deməli, söhbət gələcək deyil, keçmiş zamandan gedir.
Beşincisi, hər hansı bankın müflis olması sığorta hadisəsinin baş verməsi anlamına gəlmir. Sığorta hadisəsi müflis olan bankın öhdəlikləri mövcüd aktivlərindən çox olduğu halda baş verir. Ona görə də, bir neçə bankda olan əmanətlərin həcmini fondun aktivləri ilə müqayisə etmək olmaz.
29 milyard manatdan çox aktivləri olan banklarda əhalinin əmanətlərinin cəmi 7.6 milyard manat olduğunu nəzərə alsaq, gələcəkdə hər hansı təhlükə olduğu halda heç də bütün banklarda sığorta hadisəsinin baş verməyəcəyi aydın görsənir.
Altıncısı, hazırda banklarda qorunan əmanətlərin qaytarılması təhlükəsi deyil, sığorta mexanizmlərinin təkmilləşdirilməsi müzakirə olunmalıdır. Mərkəzi və Şərqi Avropa ölkələrində 100 min avroyadək bütün əmanətlər sığortalanır. Bizdə isə qorunan əmanətin maksimum həcmi sözügedən ölkələr ilə müqayəsədə 3 dəfədən çox azdır. Bu da evdə saxlanan pulların banklara əmanət kimi cəlb edilməsinə maneə olur".
Ekspert bildirib ki, fondun mövcud siyasəti hələ də əmanətlərin sığortalarına faizi ilə kredit faizləri arasında əlaqə formalaşdırmayıb. Amma bunlar heç də o anlama gəlməməlidir ki, qorunan əmanətləri olan vətəndaşlar arasında müəyyən narahatçılıq yaranmalıdır.
Naibə Qurbanova