BAKI, 27 iyul. TELEQRAF
İran Silahlı Qüvvələrinin sərəncamında olan ballistik raketlərin uçuş məsafəsi Ukraynaya zərbə endirmək üçün kifayətdir
Teleqraf xəbər verir ki, bu barədə “Voennaya Xronika” Teleqram kanalında Ukraynanın Xəzər dənizində İran gəmisinə endirdiyi zərbəyə Tehranın mümkün cavabı ilə bağlı dərc olunan məqalədə bildirilib.
İddia olunub ki, İranın “Kheybar Shekan”, “Fattah” və ya “Emad/Ghadr” raketləri (uçuş məsafəsi 1450-2000 km) Ukraynaya zərbə üçün kifayət edir. Məqalədə həmçinin bildirilib ki, İran ordusunun Təbriz şəhərindəki bazasından Kiyevə qədər məsafə təxminən 1800 kilometrdir.
Ukrayna Silahlı Qüvvələrinin də İran ərazisinə çata biləcək raketləri mövcuddur:
“Ukrayna ərazisindən buraxıla biləcək və uçuş məsafəsinin 3000 kilometr olan “Flaminqo” raketinin mənzili İranı vurmaq üçün kifayətdir”.
Xatırladaq ki, Ukrayna Xəzər dənizində Rusiyaya silah-sursat daşıdığını bildirdiyi İran hərbi gəmisini vurub. Tehran bundan sonra bəyan edib ki, hücum nəticəsində bir dənizçi həlak olub, biri isə yaralanıb. Tehran gəmiyə hücumu “təcavüz aktı” adlandıraraq, buna cavab verəcəyini bəyan edib. Ukrayna Prezidenti Volodimir Zelenski İranın mümkün addımlarına hazır olduqlarını açıqlayıb.