BAKI, 21 iyul. TELEQRAF
“Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən siyahının ikinci sətrinə “qaraciyər” sözündən əvvəl “ürək,” sözü əlavə olunub. Bununla da müvafiq tibb müəssisələrinə ürək donorluğu üzrə götürülmə, hazırlanma, saxlanma, daşınma, idxal və ixrac proseslərini həyata keçirmək icazəsi verilib.
Sənədin yeddinci sətirindən “Müalicəvi” sözü çıxarılıb və həmin sətrə “sümük iliyi” sözlərindən sonra “, kök hüceyrələri” ifadəsi daxil edilib. Bu dəyişiklik sümük iliyi ilə yanaşı, digər mənbələrdən əldə edilən kök hüceyrələrinin də loqistikası və saxlanması prosesinin hüquqi tənzimlənməsini təmin edir.
Bu qərar ölkədə ürək transplantasiyası və kök hüceyrə bərpası sahəsində ixtisaslaşdırılmış tibb müəssisələrinin fəaliyyət dairəsinin, həmçinin beynəlxalq idxal-ixrac imkanlarının genişləndirilməsi məqsədini daşıyır.