BAKI, 9 iyul. TELEQRAF

Azərbaycan region ölkələri ilə müqayisədə turizm sektoru turist axını, məşğulluğun artırılması və regionların iqtisadi inkişafına töhfəsi baxımından hələ də öz potensialından tam istifadə etmir.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays “İqtisadi artımın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə Azərbaycanın turizm potensialının reallaşdırılması” adlı tədbirdə çıxışında deyib.

O bildirib ki, Azərbaycan son onillik ərzində diqqətəlayiq dayanıqlılıq nümayiş etdirib:

“Effektiv iqtisadi idarəetmə, güclü fiskal ehtiyatlar və ehtiyatlı dövlət siyasəti ölkəyə iqtisadi sabitliyi qorumaqla yanaşı, bir sıra xarici şokların təsirlərini uğurla dəf etməyə imkan verib.

Lakin hazırda iqtisadiyyat yeni reallıqla üz-üzədir. Karbohidrogen hasilatının tədricən azalması iqtisadi artımın davamlılığının və yüksək keyfiyyətli iş yerlərinin yaradılmasının getdikcə daha çox qeyri-neft iqtisadiyyatının fəaliyyətindən asılı olacağını göstərir. Məsələn, Dünya Bankının təhlilinə əsasən, iqtisadi artım 2025-ci ildə həm neft hasilatının davam edən azalması, həm də qeyri-karbohidrogen fəaliyyət sahələrinin daha zəif genişlənməsi nəticəsində əhəmiyyətli dərəcədə yavaşlayaraq 1,4% təşkil edib.

Turizm bu baxımdan ən perspektivli istiqamətlərdən biri kimi ön plana çıxır. Azərbaycan zəngin mədəni irs, müxtəlif təbii landşaftlar, güclü beynəlxalq nəqliyyat əlaqələri və Avropa ilə Asiyanın kəsişməsində yerləşən strateji coğrafi mövqe kimi unikal üstünlüklərə malikdir. Son onillikdə bu sektor sürətlə inkişaf edib və hazırda xidmət ixracında əhəmiyyətli paya sahibdir”.