BAKI, 8 iyul. TELEQRAF

Pirallahı Sənaye Parkının rezidentləri tərəfindən bu günədək ümumi dəyəri 76,3 milyon manatlıq məhsul istehsal edilib.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, 175,64 milyon manat investisiya portfeli, 76,3 milyon manatlıq istehsal və 500-dən çox yeni iş yeri potensialı ilə Pirallahı Sənaye Parkı ölkədə əczaçılıq sənayesinin inkişafına mühüm töhfə verir.

Hazırda Sənaye Parkında 6 rezident fəaliyyət göstərir. Park üzrə ümumi investisiya portfeli 175,64 milyon manat təşkil edir. Bunun 98,23 milyon manatı artıq layihələrin icrasına yönəldilib.

Sənaye Parkında həyata keçirilən layihələr çərçivəsində müəssisələrdə 201 nəfər daimi işlə təmin olunub. Layihələrin tam icrası nəticəsində isə ümumilikdə 515 daimi iş yerinin yaradılması nəzərdə tutulur.