BAKI, 7 iyul. TELEQRAF
Azərbaycan və ABŞ arasında ticarət və investisiyaların təşviqi, enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, kritik mineralların hasilatı və emalı, eyni zamanda sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında qeyd edib.
"Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə ABŞ senatoru Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşümüzdə Azərbaycan - ABŞ strateji tərəfdaşlığının hər iki ölkənin prezidentlərinin siyasi iradəsi və qarşılıqlı etimadı əsasında uğurla inkişafını qeyd etdik.
Həmçinin Orta Dəhlizin beynəlxalq ticarət, iqtisadi inteqrasiya və regional bağlantıların gücləndirilməsində rolunu vurğuladıq. Görüşdə Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində İqtisadi Dialoq mexanizminin əməkdaşlığımızın əsas institusional platformalarından biri olduğunu vurğuladıq, birgə layihələrin həyata keçirilməsinə dair yol xəritəsi ətrafında fikir mübadiləsi apardıq," - deyə nazir əlavə edib.