BAKI, 5 may. TELEQRAF

Cənubi Afrika hökuməti Yaxın Şərqdə böhranın başlanmasından bəri ikinci dəfə pərakəndə yanacaq qiymətlərini artırıb.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Afrikanın Maliyyə Nazirliyi məlumat yayıb.

Qərara əsasən, dizel yanacağının litri 6,19 rand (0,37 ABŞ dolları), bütün markalı benzinin litri 3,27 rand (0,20 dollar), kerosinin litri 4,22 rand (0,25 dollar) bahalaşıb. Mayeləşdirilmiş qazın kiloqramı isə 5 rand (0,30 dollar) artırılıb. Yeni qiymətlər mayın 6-dan etibarən yanacaqdoldurma məntəqələrində qüvvəyə minəcək. Nəticədə ən çox istifadə olunan benzin markasının litri 26,63 rand (1,59 dollar), dizelin litri isə 32,20 rand (1,92 dollar) olacaq.

Bununla yanaşı, hökumət pərakəndə qiymətlərin daha kəskin artmasının qarşısını almaq üçün yanacağa tətbiq olunan vergi güzəştinin müddətini bir ay uzadıb. Lakin benzin və dizel üzrə vergi yükünün azaldılması dövlət büdcəsinə aylıq 6 milyard rand (356 milyon dollar) həcmində itkiyə səbəb olur.

Qeyd edək ki, Cənubi Afrikada sənaye miqyasında neft hasilatı aparılmır. Ölkə gündəlik 600 min bareldən bir qədər çox neft məhsulu istehlak edir. Bunun 160 min bareli ölkədə hasil olunan kömürdən əldə edilən motor yanacağıdır, qalan hissə isə idxal olunur. Enerji daşıyıcılarının 70 faizdən çoxu isə ənənəvi olaraq Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən tədarük edilib.