BAKI, 28 aprel. TELEQRAF
"Brent" markalı neftin qiyməti investorların ABŞ və İran arasında tez bir zamanda sülh razılaşmasının əldə ediləcəyi yönündə ümidlərini itirmələrinin ardınca 111 dolları keçib. Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxması xəbərlərindən sonra neftin qiyməti kəskin şəkildə düşsə də Bakı vaxtı ilə saat 17:15-də 111,98 dollara yüksəlib. Beləliklə, neft 3,5% dəyər qazanıb.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC və OPEC+ təşkilatlarından çıxdığını elan etməsindən sonra Londonun ICE birjasında iyun ayı üçün "Brent" markalı neftin fyuçersləri 1,91% dəyərdən düşərək barel üçün 110 dollar təşkil edib.
Bu xəbərdən əvvəl neftin qiyməti artmaqda idi və 4% artımla barrel üçün 112,66 dollara çatmışdı. "Brent" neftinin qiyməti sonuncu dəfə 23 martda barrel üçün 112 dolları keçib.
****
17:06
BƏƏ OPEC və OPEC+ təşkilatlarından çıxdıqdan sonra qlobal neft təklifi və tələbini nəzərə alaraq məsuliyyətli siyasət yürüdəcək və bazar sabitliyini qoruyacaq.
Teleqraf xəbər verir ki, bu barədə WAM məlumat yayıb.
Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri enerji sisteminin dayanıqlığını və uzunmüddətli transformasiyasını dəstəkləmək üçün enerji zəncirlərinə investisiya qoymağa davam edəcək.
Agentlikdən qeyd edilir ki, BƏƏ milli maraqlara və investorlar qarşısındakı öhdəliklərinə diqqət yetirəcək.
Bəyanatda deyilir ki, Birləşmiş Ərəb Əmirlikləri resursların işlənməsi üçün tərəfdaşlarla əməkdaşlıq etməyə davam edəcək.
****
16:29
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC və OPEC+ formatlarını tərk etmək barədə qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə WAM məlumat yayıb.
Məlumata görə, BƏƏ mayın 1-dən OPEC və OPEC+ təşkilatlarını tərk edəcək.