BAKI, 21 aprel. TELEQRAF

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 237 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.

Fonddan Teleqraf-a verilən məlumata görə, mənzillərin yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 925 manatdan başlayır.

Yeni mənzillər seçim üçün aprelin 28-də saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 9306 kirayə müqaviləsi bağlanıb.