BAKI, 21 aprel. TELEQRAF
"2025-ci ilin İş Planı çərçivəsində kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri ilə ümumilikdə 1554 milyon manat məbləğində nöqsan aşkarlanıb".
Teleqraf xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bu məbləğin 37,6%-i və ya 584,8 mln. manatı uyğunsuzluq məbləğidir.
V.Gülməmmədov qeyd edib ki, uyğunsuzluq məbləğinin 170,4 mln. manatını büdcəyə hesablanmış zərər təşkil edib.
"Büdcəyə hesablanmış zərərin 101,5 milyon manatı üzrə vəsaitin bərpası, 40,2 milyon manatı üzrə isə müvafiq materialların prokurorluq orqanlarına göndərilməsi barədə qərar qəbul edilib. 28,7 milyon manatının əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməmiş, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib".
Sədr qeyd edib ki, ümumi nöqsanın 40,3%-i və ya 626,3 milyon manatı maliyyə təhriflərindən ibarətdir.
"Aşkarladığımız maliyyə təhriflərini iki istiqamətdə qruplaşdırmışıq. Əhəmiyyətli təhriflər qrupuna maliyyə hesabatlılığında məlumatların əks etdirilməməsi kimi təhriflər aid olunub ki, bu təhriflər üzrə məbləğ 481,3 milyon manat təşkil edib. Cəmi təhriflərin 145,0 mln. manatı isə digər təhriflərdən ibarət olub. Təhrif məbləğində gəlir və ya xərcin vaxtında və doğru tanınmaması yüksək pay ilə fərqlənib. Ümumi nöqsanın 22,1%-i və ya 342,9 milyon manatı isə səmərəsiz xərclərdən ibarət olub.
Səmərəsiz xərclər əsasən mal, avadanlıq və obyektin istifadəsiz qalması və ya digər tərəfin istifadəsinə verilməsi, qənaət imkanlarından istifadə edilməməsi, hüquqi aktlarla qurumun fəaliyyət istiqamətlərinə aid edildiyi və özü tərəfindən həyata keçirilməli olduğu halda müvafiq fəaliyyətin icra edilməsi üçün satınalmanın keçirilməsi və s. ilə bağlı olub".