BAKI, 21 aprel. TELEQRAF

Asiya İnkişaf Bankı (AİB) Biləcəri–Yalama dəmir yolu sahəsinin elektrikləşdirilməsi, siqnalizasiya və telekommunikasiya işlərinin layihələndirilməsi, tikintisi və tamamlanması üzrə tender elan edib.

Teleqraf xəbər verir ki, tenderin sifarişçisi “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dir.

Proqram çərçivəsində ilk layihə Biləcəri–Yalama hissəsini əhatə edir. Bu sahə təxminən 192 km uzunluğunda iki xətli dəmir yolu və 15 stansiyadan ibarətdir. Layihələndirmə və tikinti işlərinin müddəti layihələndirmə dövrü də daxil olmaqla 42 ay olaraq qiymətləndirilir.

Tender prosesi AİB-nin “bir mərhələ – iki zərf” prosesinə uyğun olaraq beynəlxalq açıq müsabiqə əsasında həyata keçiriləcək və tender sənədlərində qeyd olunan şərtlərə uyğun bütün ölkələrdən olan iddiaçılar üçün açıqdır.

Qeyd edək ki, layihə Biləcəri–Yalama və Bakı–Böyük Kəsik dəmir yolu sahələri boyunca elektrikləşdirmə, siqnalizasiya və telekommunikasiya sistemlərinin modernləşdirilməsini nəzərdə tutan daha geniş proqramın tərkib hissəsidir. Bu sahələr ADY-nin beynəlxalq yükdaşımalarında mühüm rol oynayan Azərbaycanın Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin əsas elementləridir.