BAKI, 21 aprel. TELEQRAF
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin (biznesin) davamlılığını idarəetmə sistemləri. İş fəaliyyətinə (biznesə) təsirin təhlili üzrə təlimatlar” yeni dövlət standartı qəbul edib.
AZSTAND-dan Teleqraf-a verilən məlumata görə, yeni standartın tətbiqi müəssisə və təşkilatlarda biznes fəaliyyətinə təsirin sistemli və hərtərəfli təhlilini təmin etməklə kritik iş proseslərinin asanlıqla müəyyənləşdirilməsinə, potensial risklərin dəqiq qiymətləndirilməsinə və iş davamlılığının daha səmərəli və effektiv idarə olunmasına mühüm töhfə verəcək.
Sözügedən dövlət standartı Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsis edilən “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.