BAKI, 10 aprel. TELEQRAF

Azərbaycan bu gün Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə dördüncü Könüllü Milli Hesabatını təqdim edən azsaylı ölkələrdən biri kimi çıxış edir.2027-ci ildə ölkəmiz tərəfindən beşinci Könüllü Milli Hesabatın təqdim edilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib.

O qeyd edib ki, BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi ilə əməkdaşlıq çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin regional səviyyədə lokallaşdırılması layihəsinə başlanılıb:

“Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması onların yalnız qlobal səviyyədə qəbul edilməsini deyil, eyni zamanda milli, regional və yerli səviyyələrdə siyasətlərə, proqramlara və inkişaf planlarına inteqrasiya edilməsini nəzərdə tutur.

Fəaliyyətin ilkin mərhələsi olaraq İqtisadiyyat Nazirliyi və BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi tərəfindən Naxçıvan və azad edilmiş ərazilərdə – ilk mərhələdə Şuşa şəhərində – müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində lokallaşdırma təşəbbüslərinin başlanması üçün işlər görülür.

Əminik ki, BMT ilə tərəfdaşlığımızın növbəti mərhələsi ölkəmizdə dayanıqlı inkişafa, və regionda sülhə, rifaha və sabitliyə töhfə verəcək”.