BAKI, 9 aprel. TELEQRAF

ABŞ və İranın iki həftəlik atəşkəs barədə razılığa gəlməsindən sonra, 2026-cı ilin ikinci rübü üçün proqnozlar yenilənib. "Brent" və ABŞ xam neftinin qiyməti ilə bağlı gözləntilər müvafiq olaraq 90 və 87 dollara endirilib. Əvvəllər orta qiymətlər 99 və 91 dollar olaraq nəzərə tutulurdu.

Teleqraf xəbər verir ki, bu barədə "Goldman Sachs"ın proqnozunda bildirilir.

Qurumun analitiklərinə görə, qiymət proqnozlarına qarşı risklər yuxarıya doğru əyilib.

Belə ki, qlobal neft bazarı hələ də Hörmüz boğazı ətrafında yaranan konfiliktlərin təsirindədir. Tehran və Vaşinqton atəşkəs müqabilində keçidi yenidən açmaq barədə razılığa gəldiklərini desələr də, konkret hansı məsələlərdə razılığa gəlindiyinə dair məlumat yoxdur.

"Goldman Sachs"ın üçüncü rüb üçün proqnozu dəyişməz olaraq qalıb. "Brent" neftinin bir bareli 82 dollar, WTI neftinin isə bir barelinin 77 dollar olması proqnozlaşdırılır. Dördüncü rüb üçün bank "Brent" neftinin bir barelinin 80 dollar, WTI neftinin 75 dollara çatacağını gözləyir.

"Goldman Sachs"a görə, potensial fasilələrin müddəti və neft hasilatındakı itkilərin davam etməsi səbəbindən qiymət proqnozlarına qarşı risklər yuxarıya doğru meylli olaraq qalır. Bankın məlumatına əsasən, Yaxın Şərqdə atəşkəsin pozulması və gündə təxminən 2 milyon barel istehsal itkisinin davam etməsi şəraitində, bu ilin dördüncü rübündə "Brent" markalı neftin orta qiyməti təxminən 115 dollara çata bilər.

Xatırladaq ki, atəşkəs elanından sonra Brent nefti 13 faiz dəyər itirib. Fyuçerslər barrel üçün 97 dollar ətrafında ticarət olunub.

"Goldman Sachs" həmçinin aprelin ortalarından etibarən Hörmüz boğazından LNG axınının tədricən normallaşacağına istinad edərək, Avropa TTF etalon qazının ikinci rüb üçün qiymət proqnozunu meqavat-saat üçün 70 avrodan 50 avroya (EUR/MWh) endirib. Lakin, bankdan qeyd edilib ki, LNG tədarükü əhəmiyyətli dərəcədə gecikərsə və ya infrastruktur zədələnərsə, qiymətlər 75 avrodan yüksək ola bilər.