BAKI, 9 aprel. TELEQRAF

ABŞ-nin neft sənayesi nümayəndələri Hörmüz boğazından tranzit üçün gəmilərdən rüsum alınmasına qarşı çıxıblar. Bu yöndə ABŞ prezidenti Donald Trampa müraciət də edilib.

Teleqraf "Politico"ya istinadən xəbər verir ki, sənaye nümayəndələri Ağ Ev rəsmiləri ilə görüşüblər.

Neft sənayesi nümayəndələrinin beynəlxalq müqavilələrə, sanksiya qanunvericiliyinə və yüksək xərclər perspektivinə istinad edən arqumentləri ABŞ administrasiyası tərəfindən birmənalı şəkildə rədd edilmir. Rəsmilərin cavabları məlumatların nəzərə alınacağını göstərir.

Ağ Evin mətbuat katibi Kerolin Livitt bildirib ki, ABŞ İranın Hörmüz boğazından keçən gəmilərdən rüsum almasına qarşıdır.

İranın Neft, Qaz və Neft-Kimya İxracatçıları Birliyinin nümayəndəsi Həmid Hüseyni isə " Financial Times" qəzetinə verdiyi açıqlamada bildirib ki, ölkəsi Hörmüz boğazından keçən tankerlərdəki neftin hər barelinə görə 1 dollar rüsum almaq, eləcə də istənilən gəmini yoxlamaq imkanına malikdir. O, rüsumun "Bitcoin" ilə tutulacağını bildirib.