BAKI, 8 aprel. TELEQRAF
“Yaşıl xətt”in yeni tikiləcək dörd stansiyası ilə bağlı bu ilin sonuna qədər tender prosesi icra ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Tikinti Layihələrinin İdarəedilməsi departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, tender prosesinin nəticələri ictimaiyyətə açıqlanacaq.
“Cari il üzrə əsas hədəflərdən biri də Xocasən və Dərnəgül depoları üzrə tender proseslərinin həyata keçirilməsidir.
Belə ki, Xocasən deposunun ikinci mərhələsinin, eyni zamanda Dərnəgül deposunun üçüncü mərhələsinin tamamlanması, hər iki obyekt üzrə işlərin yekunlaşdırılması və tam istismara verilməsi məqsədilə tenderlər keçiriləcək və tikinti işlərinə başlanılacaq”,-deyə metro rəsmisi bildirib.
Qeyd edək ki, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Bakı metrosunun genişləndirilməsi layihəsinin növbəti mərhələsi üçün Azərbaycana 700 milyon ABŞ dolları həcmində kredit ayrılıb. Layihə çərçivəsində təxminən 8 kilometr uzunluğunda iki paralel tunelin qazılması və 4 yeni yeraltı metro stansiyasının tikintisi planlaşdırılır.