BAKI, 7 aprel. TELEQRAF

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları qlobal iqtisadi artımın zəifləməsinə və inflyasiyanın yüksəlməsinə səbəb olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu rəhbəri Kristalina Georgiyeva “Reuters” agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, münaqişə tezliklə başa çatsa belə, dünya iqtisadiyyatı uzunmüddətli mənfi təsirlərlə üzləşəcək.

“Bütün yollar daha yüksək qiymətlərə və daha aşağı artıma aparır. Hətta müharibə bu gün bitsə belə, dünya uzunmüddətli mənfi nəticələri hiss edəcək”, - deyə o qeyd edib.

BVF qlobal makroiqtisadi proqnozlarını pisləşdirməyi planlaşdırır. Bildirilib ki, xüsusilə enerji ehtiyatları olmayan yoxsul və həssas ölkələr daha ciddi zərər görəcək.

Qeyd olunub ki, bir çox ölkələrin artan qiymətlər fonunda vətəndaşlarına dəstək vermək üçün kifayət qədər büdcə imkanları yoxdur və bəzi dövlətlər artıq maliyyə yardımı üçün müraciət edib.

Məlumata əsasən, BVF, Dünya Bankı və Beynəlxalq Enerji Agentliyi İrana zərbələrin artıq qlobal iqtisadiyyata ciddi təsir göstərdiyini, tədarük zəncirlərini, aviasiya və turizm sektorlarını zərbə altında qoyduğunu bildirib. Bunun nəticəsində neft, qaz və gübrə qiymətlərində artım müşahidə olunur, həmçinin ərzaq qiymətləri və xammal bazarları ilə bağlı narahatlıq güclənir.