BAKI, 6 aprel. TELEQRAF

Gürcüstan Azərbaycanla əməkdaşlıq sayəsində tranzit ölkədən regional enerji və logistika mərkəzinə çevrilib. Sabit gəlir mənbələri əldə edib, Avropa ilə iqtisadi inteqrasiyasını gücləndirib.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Eldəniz Əmirov qeyd edib.

O bildirib ki, Azərbaycan Gürcüstan üçün ən vacib tərəfdaşlardan biri, bəlkə də birincisidir:

"Azərbaycan hər il 2 milyard kubmetrdən artıq qaz, həmçinin neft və neft məhsulları ilə Gürcüstanın enerji təhlükəsizliyini dəstəkləyir. Bu, sabit və bazar üçün qəbul edilən qiymətlərlə həyata keçirilir. Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr Gürcüstanın iqtisadi rolunu tam dəyişib. Bakı-Tbilisi-Ceyhan boru kəməri Gürcüstanı tranzit ölkədən enerji qovşağına çevirib. Cənub Qaz Dəhlizi bu ölkəyə Avropaya açılan strateji enerji marşrutu qazandırıb. Bakı-Tbilisi-Qars dəmir yolu regionun logistika xəritəsində onun yerini gücləndirib. Bakı-Supsa xətti Qara dəniz üzərindən çıxış imkanı yaradıb. Yaşıl enerji və elektrik ötürücü layihələri yeni nəsil enerji əməkdaşlığı üçün platforma formalaşdırıb".

E.Əmirovun sözlərinə görə, bu münasibətlər sadəcə qonşuluq məsələsini ehtiva etmir, burada qarşılıqlıqlı daha strateji məqamlar var:

"Qalan əsas məsələ ticarətdə payın artırılmasıdır. Bu potensial real göstəricilərdən daha yüksəkdir".