BAKI, 6 aprel. TELEQRAF
“Aramco” şirkəti “Arabian Light” markalı xam neftin qiymətini Asiyadakı neft emalı zavodları üçün istinad qiymətindən 19,50 dollar yuxarı müəyyən edib.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Treydərlərin sözlərinə görə, qiymətlər arasındakı fərq bazardakı volatilliklə izah olunur. Bundan əlavə, martın son həftəsində Yaxın Şərq mənşəli bəzi neft növlərinin qiymətləri ucuzlaşıb. “Aramco” nefti Fars körfəzində yerləşən Ras Tanura limanından yükləmə üçün qiymətləndirilir. Lakin hazırda şirkətin bütün ixracı Qırmızı dəniz sahilində yerləşən Yanbu limanı vasitəsilə həyata keçirilir. Alıcılar bu həcmləri qəbul edərkən adətən əlavə xərclərlə üzləşirlər.
Qeyd edək ki, “Aramco”nun Qırmızı dəniz sahili boyunca uzanan boru kəməri gündəlik 7 milyon barel ötürmə gücünün maksimum həddinə çatıb. Şirkət bu kəmər vasitəsilə gündə təxminən 5 milyon barel xam neft ixrac edir ki, bu da müharibədən əvvəlki ümumi tədarüklərin təxminən 70 faizini təşkil edir.