BAKI, 5 yanvar. TELEQRAF

Böyük Britaniyanın "Shell" və BP şirkətləri ABŞ-nin Venesuela prezidenti Nikolas Maduronun devrilməsi ilə nəticələnən əməliyyatından sonra bu ölkədə fəaliyyətini bərpa edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "The Daily Telegraph" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, “Shell” Karib dənizində yerləşən və ehtiyatları təxminən 120 milyard kubmetr qaz həcmində qiymətləndirilən "Dragon" qaz yatağının işlənməsində maraqlıdır. Bildirilir ki, layihə 30 il ərzində hər il təxminən 500 milyon dollar gəlir gətirə bilər.

Qeyd olunur ki, daha əvvəl ABŞ hakimiyyəti ilə lisenziya məsələsində yaranan mübahisələr səbəbindən layihə dayandırılmışdı, lakin yeni siyasi şəraitdə vəziyyət dəyişə bilər.

“The Daily Telegraph” yazır ki, ABŞ Prezidenti Donald Trump ilk növbədə Venesuelanın neft-qaz sənayesinin bərpasında Amerika şirkətlərinin iştirakını istəsə də, “Shell”in də layihələrə cəlb olunması mümkündür. Bunun üçün britaniyalı enerji nəhənginin ABŞ şirkətləri ilə birgə müəssisələr yaratmalı ola biləcəyi bildirilir.

Nəşrə danışan "Panmure Liberum" investisiya bankının analitiki Eşli Kelti qeyd edib ki, əsas qazananlar ABŞ-nin iri şirkətləri, xüsusilə Venesuelada artıq fəaliyyət göstərən "Chevron" olacaq.

Onun sözlərinə görə, Avropa şirkətləri ən gəlirli müqavilələrə dərhal buraxılmayacaq, lakin risklərin bölüşdürülməsi məqsədilə sonradan birgə layihələrə cəlb edilə bilərlər. Bu baxımdan “Shell” və BP ilk seçimlərdən olacaq.

Eyni zamanda bildirilir ki, BP də Venesuelada fəaliyyətini bərpa etməyə maraq göstərə bilər. Şirkət 2024-cü ildə "Manakin-Cocuina" qaz yatağının işlənməsi üçün lisenziya alsa da, Tramp administrasiyası ötən ilin aprelində bu icazəni ləğv edib. Həmin vaxtdan BP lisenziyanın bərpası üçün lobbiçilik aparır.