BAKI, 1 yanvar. TELEQRAF

ABŞ hökuməti Venesuela ilə əlaqədar sanksiya siyahılarına dörd şirkət və eyni sayda neft tankerini daxil edib.

Teleqraf xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bu barədə məlumat yayıb.

Bildirilib ki, Venesuelanın neft sektorunda fəaliyyət göstərdiklərinə görə dörd şirkətə qarşı sanksiyalar tətbiq olunub, onlarla əlaqəli olan dörd neft tankeri isə bloklanmış əmlak siyahısına salınıb. ABŞ tərəfinin iddiasına görə, həmin şirkətlər və gəmilər Venesuela neftinin daşınması və satışı ilə bağlıdır.

Sanksiyalar Çinə məxsus "Aries Global Investment Ltd", "Corniola Limited", "Krape Myrtle Co Ltd" və "Winky International Limited" şirkətlərini əhatə edir. Eyni zamanda Çin bayrağı altında üzən "Della" və "Valiant", Panama bayraqlı "Nord Star", eləcə də Qvineya bayraqlı "Rosalind" neft tankerlərinə qarşı da məhdudiyyətlər tətbiq olunub.

Sanksiya siyahısına daxil edilmə ABŞ ərazisində aktivlərin dondurulmasını, həmçinin ABŞ vətəndaşları və şirkətlərinin həmin qurum və gəmilərlə hər hansı kommersiya fəaliyyəti həyata keçirməsinin qadağan olunmasını nəzərdə tutur.

Qeyd edək ki, Vaşinqton Karakası narkotik qaçaqmalçılığına qarşı mübarizədə yetərincə fəal olmamaqda ittiham edir. Daha əvvəl "The New York Times" ABŞ Prezidenti Donald Trampın Latın Amerikası narkokartellərinə qarşı hərbi gücdən istifadəyə dair məxfi direktiv imzaladığını yazmışdı.

Xatırladaq ki, Donald Tramp dekabrın 16-da sanksiya altına düşən bütün tankerlərin Venesuelaya gedən və ya ölkədən çıxan marşrutlar üzrə bloklanması barədə göstəriş verdiyini açıqlayıb.