BAKI, 31 dekabr. TELEQRAF

Elektrikli avtomobil istehsalçısı "Tesla" 2025-ci ilin son rübündə tədarük həcmlərində azalma ilə üzləşə bilər. Analitiklər bunu əsasən vergi güzəştlərinin aradan qalxması və artan rəqabətlə əlaqələndirirlər.

"Teleqraf" xəbər verir ki, "Reuters"in məlumatına görə, ABŞ-də elektrikli avtomobillər üçün tətbiq olunan bəzi vergi kreditlərinin qüvvədən düşməsi Tesla məhsullarına tələbi zəiflədib. Eyni zamanda Çin və Avropa istehsalçılarının bazarda paylarını artırması şirkətin mövqelərinə əlavə təzyiq yaradıb.

Məlumata əsasən, "Tesla"nın əsas bazarlarından biri olan Çində yerli brendlər daha ucuz modellər və dövlət dəstəyi hesabına üstünlük qazanırlar. Avropada isə elektromobil bazarında qiymət rəqabəti kəskinləşib.

Analitiklər qeyd edirlər ki, şirkət qiymət endirimləri hesabına tələbi stimullaşdırmağa çalışsa da, bu addımlar marja gəlirlərinin azalmasına səbəb olur. Eyni zamanda, "Tesla"nın yeni model təqdimatlarının gecikməsi də satış dinamikasına mənfi təsir göstərir.

Şirkət rəsmi olaraq rüblük nəticələri açıqlamayıb. Lakin bazar iştirakçıları "Tesla"nın tədarük göstəricilərinin əvvəlki dövrlərlə müqayisədə zəifləyəcəyini proqnozlaşdırırlar.

Qeyd edək ki, "Tesla" son illər elektromobil bazarında lider mövqedə olsa da, qlobal rəqabətin güclənməsi fonunda şirkət üçün 2025-ci il daha çətin keçib.