BAKI, 14 noyabr. TELEQRAF
Noyabrın 14-də maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan bankın prezidenti Masato Kanda ilə görüşüb.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, görüşdə AİB-nin 2025–2029-cu illəri əhatə edən Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlığı Strategiyası da diqqət mərkəzində olub. Yeni strategiya iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, iqlim dayanıqlığının artırılması, rəqəmsal və yaşıl transformasiya, eləcə də özəl sektorun gücləndirilməsi kimi prioritetləri əhatə edir.
Tərəflər "Bakı Metropoliteni"nin genişləndirilməsi, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun, içməli su təchizatının, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrdə, eləcə də dəmir yolu infrastrukturunun modernləşdirilməsi, dövlət–özəl tərəfdaşlığı layihələri və regional əlaqəlilik təşəbbüsləri daxil olmaqla əsas prioritet əməkdaşlıq istiqamətləri üzrə geniş müzakirələr aparıblar. Bu çərçivədə AİB-nin Orta Dəhliz və Yaşıl Enerji Dəhlizi kimi strateji regional layihələrə inteqrasiyası da diqqət mərkəzində olub.