BAKI, 13 noyabr. TELEQRAF
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə səfərdə olan Dünya Bankının Kənd Təsərrüfatı və Qida üzrə Təcrübə missiyası ilə görüşüb.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, görüşdə Azərbaycanla Dünya Bankı arasında kənd təsərrüfatı və suvarma sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətləri, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi ilə birgə hazırlanmaqda olan “Rəqabətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAIS) layihəsinin hazırlıq prosesi, təsdiqi və icrası ilə bağlı məsələlər müzakirə olunub.
Bildirilib ki, hazırda müzakirə edilən və hazırlıq mərhələsində olan layihə ölkə üzrə suyun nəqli ilə bağlı infrastrukturun yenilənməsi, seçilmiş ərazilərdə müasir suvarma sistemlərinin qurulması, torpaq konsolidasiyası və Sudan İstifadəçilər Birliklərinin işi ilə bağlı pilot tətbiqləri əhatə edir. Qeyd edilib ki, bu layihə suvarma suyuna qənaət və iqlimədost yanaşmalar ilə ölkənin kənd təsərrüfatı sektorunda məhsuldarlığın, dayanıqlığın və rəqabət qabiliyyətinin artırmasına töhfə verəcək.
Görüş zamanı Məcnun Məmmədov suvarma sistemlərinin bərpası və suya qənaət edən yanaşmaların ölkənin kənd təsərrüfatının inkişafında əhəmiyyətini vurğulayıb. Nümayəndə heyətinin üzvü Holger Kray Azərbaycanın iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verdiyini qeyd edib, ölkəmizin kənd təsərrüfatı və suvarma infrastrukturunun inkişafı sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdiyini vurğulayıb. O, hazırlanmaqda olan CRAIS layihəsinin kənd təsərrüfatı sektorunda məhsuldarlığın və iqtisadi fəallığın artırılmasına, məşğulluğun dəstəklənməsinə və fermerlərin maliyyə əlçatanlığının artırılmasına xidmət edəcəyinə əminliyini ifadə edib.
Görüşdə həmçinin layihənin icrasına hazırlıq, sahə üzrə mütəxəssislərin cəlb olunması, texniki hazırlıq proseslərinin sürətləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.