BAKI, 12 noyabr. TELEQRAF

Oktyabrda Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 461 min barel səviyyəsində olub.

Teleqraf Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, sentyabr ayı ilə müqayisədə hasilatın həcmində 2 min barel azalma olub.

Məlumata görə, 2025-ci ilin birinci rübündə gündəlik neft hasilatı orta hesabla 465 min, ikinci rübündə 461 min barel, üçüncü rübündə isə 458 min barel olub.

Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündə 551 min bareldir. Azərbaycan bu ilin sentyabrında OPEC+ çərçivəsində kvotadan 90 min barel geridə qalıb.