BAKI, 12 noyabr. TELEQRAF
Oktyabrda bank xidmətlərindən istifadə sahəsində müştəri şikayətləri üzrə "Bank BTB" ASC 4,59 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, ən çox şikayət edilən ikinci bank isə "YapıKredi Azərbaycan" QSC olub. Bank 3,12 şikayət indeksi ilə qırmızı zolaqda yer alıb.
Tənzimləyicinin hesabatına görə, siyahının üçüncü yerində "Unibank" ASC 2,46 şikayət indeksi ilə qırmızı zolaqda sıralanıb.
"YeloBank" 2,13 şikayət indeksi ilə sarı zolaqda yer alıb. Bu təsnifat üzrə "Bank of Baku"ın şikayət indeksi isə 1,67 olub.
Qeyd edək ki, bu ilin doqquz ayında "Bank BTB" ASC-nin zərəri 30% artıb.Maliyyə qurumu yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub.
"Bank BTB"-nin üç əsas səhmdarı var. Əsas payçı Nigar Mehdiyevadır (İsmayıl qızı). Xanım Mehdiyeva bankda 54 829 ədəd adi adlı sənədsiz səhmə malikdir. Bununlada nizamnamə kapitalında 76.7376% paya malikdir. 12 634 ədəd adi adlı sənədsiz səhmə sahib olan Sadiq Rzanın (İsmayıl oğlu) nizamnamə kapitalında payı 17.6823%, 3 987 ədəd adi adlı sənədsiz səhmə sahib Tükazban Mahmudovanın nizamnamə kapitalında payı 5.5801%-dir.