BAKI, 12 noyabr. TELEQRAF

"Büdcə zərfi Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərinə, vətəndaşların rifahının daha da yüksəldilməsinə, həmçinin mədəniyyətin, idmanın, ictimai institutların fəaliyyətinin dəstəklənməsinə xidmət edir."

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisdə Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında deyib.

Büdcə siyasətində sosial yönümlülük prinsipinin qorunmasına, insan resurslarının, o cümlədən gənclərin inkişafı və ictimai təşəbbüslərinin dəstəklənməsinə xüsusilə diqqət göstərilir. Məqsəd iqtisadi artımın hər bir vətəndaşın həyatına daha çox müsbət təsir göstərməsi, investisiyaların real sektorda yeni imkanlar yaratması və cəmiyyətin ümumi inkişafına töhvə verməsidir.

Büdcə zərfində iqtisadiyyatın inkişafı, neft gəlirlərindən asılığın azaldılması, özəl sektorun dəstəklənməsi, vergi yükünün optimallaşdırılması və valyuta ehtiyatlarının qorunması istiqamətləri öz əksini tapıb. 2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 57%-i qeyri-neft qaz sektorunun payına düşür. Növbəti ildə qeyri-neft qaz ÜDM-nin 5% artacağı proqnozlaşdırılır.

2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla, 2022-2025-ci illərdə qeyri-neft qaz sektorunda ÜDM-in gözlənilən ortalilik artımı strategiyayla müəyyən olunmuş hədəfdən yüksəkdir.

Belə ki, 2022-2025-ci illər üzrə qeyri-neft-qaz sektorunda ÜDM-in ortaillik artımı 6.1% olması gözlənilir.

Hazırda ölkədə iqtisadiyyatın şaxələnməsinə yönəlmiş fəaliyyət davam edir və bu fəaliyyətin iqtisadi artıma təsiri müəyyən müddətdən sonra daha da çox hiss olunacaq.
Cari ilin 9 ayında qeyri-neft qaz səktorunda ÜDM-in sahələr üzrə əlavə dəyər qeyri-neft qaz sənayesində və tikinti səktorunda 5%, turizm və ictimai iaşədə 9,3%, İnformasiya və rabitədə 6,7%, Ticarətdə 3,2%, Nəqliyyat səktorunda isə 2,1% artıb. Bu ilin 6 ay ərzində 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkəyə yatırılmış birbaşa xarici investisiyaların həcmi 8,2%, qeyri-neft qaz sektoru üzrə isə 25,4% artıb.

Ötən 9 ayda əsas kapitala 13 milyard manat vəsait yönəldirib, qeyri-neft qaz səktoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real həcmi 7% artıb. Eyni zamanda özəl qeyri-neft qaz investisiyalar 10,8% artaraq, qeyri-neft qaz ÜDM-nin artım tempini 3,7 dəfə üstələyib.