BAKI, 22 oktyabr. TELEQRAF
Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsi və faiz dəhlizinin digər parametrləri ilə bağlı qərar verib.
Teleqraf xəbər verir ki, tənzimləyici uçot dərəcəsini 7%, faiz dəhlizinin aşağı həddini 6%, faiz dəhlizinin yuxarı həddini isə 8% səviyyəsində dəyişməz saxlayıb.
Faiz dəhlizi ilə bağlı qərarın qəbulu zamanı faktiki və gözlənilən inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud şərait, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.
Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya 5.7% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.9%, ödənişli xidmətlər üzrə 5.3%, qeyri-qida məhsulları üzrə isə 2.4% təşkil edib. İllik baza inflyasiya 4.9% olub.
Mərkəzi Bankdan verilən məlumata görə, beynəlxalq mühitdə qeyri-müəyyənliklərin hələ də qalması qlobal əmtəə qiymətlərində də dalğalanmalara səbəb olur. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə 2025-ci ilin sentyabrında əmtəə qiymətləri indeksi illik 3.3% artmış, ərzaq və içki qiymətləri indeksi isə 2.6% azalıb. BVF oktyabrda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu dəyişməz saxlayıb (4.2%), 2026-cı ilə dair proqnozu isə cüzi artırıb (3.7%).