BAKI, 25 sentyabr. TELEQRAF
Avrozonada ərzaq məhsullarının qiyməti 2019-cu illə müqayisədə 30%-dən çox artıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının iqtisadçıları qeyd edib.
Məlumata görə, 20 ölkədə ev təsərrüfatlarında pandemiyadan əvvəlki dövrlə müqayisədə ərzağa daha çox vəsait xərclənir.
Mütəxəssislərin fikrincə, istehlakçılar ərzaq qiymətlərimdəki dəyişiklikləri gündəlik hiss edirlər.
Son aylarda əməkhaqqı xərclərinin artması və iqlim dəyişikliyi ilə bağlı qlobal ərzaq qiymətlərinin yüksəlməsi ərzaq qiymətlərinin yeni artımında mühüm rol oynayıb. Xüsusilə İspaniyanın cənubunda 2022 və 2023-cü illərdə davamlı quraqlıqlar zeytun yağının qiymətinin kəskin bahalaşmasına səbəb olub. Qəhvə və kakaonun qiymətləri isə Qana və Kot-d’İvuar kimi əsas ixracatçı ölkələrdə əlverişsiz hava şəraiti səbəbindən kəskin artıb.
Avropa Mərkəzi Bankının əməkdaşlarının hesablamalarına görə, hazırda mal əti 30%, süd isə demək olar 40% bahalaşıb. Kərə yağı və zeytun yağının qiyməti təxminən 50% artıb. 2019-cu ilin sonundan etibarən Kiprdə ərzaq bahalaşması 20%, Estoniyada isə 57% təşkil edib. İtaliyada orta göstərici 28%, Almaniyada 37% olub, Baltik ölkələrində isə 50%-i keçib.