BAKI, 22 sentyabr. TELEQRAF

“Bakı bizim strateji qapımızdır. Burada Şərqlə Qərb qovuşur, dünyanın hər yerindən insanları birləşdiririk. “Silk Way Group” tərəfindən Ələt Azad İqtisadi Zonasında inşa edilən Yeni Ələt Hava Limanı Azərbaycanın iqtisadiyyatına, əlaqəliliyinə və logistika sektoruna böyük təkan verəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Silk Way West Airlines” şirkətinin prezidenti və baş icraçı direktoru Volfqenq Mayer (Wolfgang Meier) Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib:

“Biz “Silk Way” olaraq qədim İpək Yolu üzərində təkcə hava-hava marşrutlarını deyil, intermodal marşrutları da inkişaf etdirəcəyik. Quru yolları hava yolları ilə, dəmir yollarını isə hava nəqliyyatı ilə birləşdirəcəyik. Bütün bunları yeni tikiləcək hava limanında həyata keçirəcəyik. “Silk Way Group” olaraq Ələt Azad İqtisadi Zonasında öz yük hava limanımızı inşa edirik.

Tikintiyə 2023-cü ilin sonunda başlanılıb və gələn ilin sonuna qədər tamamlanacaq. Yeni hava limanının açılışı isə 2027-ci ilin ilk rübündə planlaşdırılır. Hava limanı azad iqtisadi zonada yerləşəcək və burada tam hava yükü və logistika ekosistemi qurulacaq.

Yeni hava limanı “yaşıl” standartlara uyğun olacaq – damlarda günəş panelləri quraşdırılacaq, dəstək vasitələri üçün elektrikli nəqliyyat vasitələrindən istifadə ediləcək. Bu, gələcəyin yük hava limanı olacaq: 4 kilometrlik uçuş-enmə zolağı, yük kəndi və azad iqtisadi zonanın verdiyi bütün üstünlüklərlə fəaliyyət göstərəcək.”