BAKI, 22 sentyabr. TELEQRAF
Ötən il qlobal ticarətin həcmi təxminən 33 trilyon ABŞ dollarına yaxın olub.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib:
“Əvvəlki illərlə müqayisədə ötən il tranzit marşrutlarının şaxələndirilməsi daha çətin idi. Ölkələr mövcud vəziyyətdən razı deyildilər. Azərbaycanı Şərqlə Qərb arasında mühüm kecid marşrutu kimi dəyərləndirildi. Bu gün Orta Dəhlizlə bağlı sevindirici hal odur ki, onu yalnız bir ölkə idarə etmir. Zəngəzur dəhlizi Orta Dəhlizin əsas arteriyası olacaq. Bu dəhlizi mövcud marşrutlara alternativ yox, əksinə, mühüm arteriya kimi görürük. Çünki hava şəraiti imkan vermədikdə daha çox yükün daşınmasına şərait yaradacaq. Ümumilikdə dəhlizlə illik təxminən 15 milyon ton əlavə yük daşına biləcək".