BAKI, 18 sentyabr. TELEQRAF

Azərbaycan və Monqolustan kənd təsərrüfatında əməkdaşlıq və hüquqi sənədlərin gücləndirilməsi, birgə işçi qrupun yaradılması və heyvandarlıq sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, nazir Məcnun Məmmədov Monqolustanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayar ilə görüşüb.

Görüşdə nazir Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə məlumat verərək, ölkələrimizin etimad, qarşılıqlı hörmət və davamlı inkişafa əsaslanan əməkdaşlığı, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığı önəmli saydığını bildirib.

Eyni zamanda, nazir vurğulayıb ki, Azərbaycan tərəfindən Monqolustan ilə iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsinə yönələn bütün təşəbbüslər tam dəstəklənir.

Monqolustanın Azərbaycandakı səfiri Qombosuren Munxbayar isə ölkəsinin Azərbaycanla dostluq və tərəfdaşlıq əlaqələrini, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq potensialını vurğulayıb.

Həmçinin görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, heyvandarlıq sahəsində əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub.