BAKI, 9 sentyabr. TELEQRAF
Ötən il Azərbaycanda 19602 satınalma proseduru baş tutub ki, bu da 2023-cü illə müqayisədə 57%, 2022-ci illə müqayisədə isə 62% artım deməkdir.
Teleqraf Hesablama Palatasına istinadən xəbər veir ki, satınalmaların ümumi məbləği isə 9 milyard 845 milyon manat təşkil edib ki, bu da müvafiq olaraq 30,5% və 45,2% artımı göstərir.
Baş tutmuş satınalmaların tərkibində müsabiqə əsaslı satınalmalar say baxımından cüzi üstünlük təşkil etsə də (50,1%), məbləğ baxımından bir mənbədən satınalma üsulu daha böyük (54,4%) paya malik olub.
2024-cü ildə müsabiqə əsaslı satınalmalar üzrə 9821 sayda, ümumilikdə 4 milyard 490 milyon manat məbləğində satınalma baş tutub. Bu, ötən illə müqayisədə say baxımından 2003 ədəd (25,6%) artım, lakin məbləğ baxımından 199,9 milyon manat (4,3%) azalma deməkdir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, müsabiqə əsaslı metodlar üzrə baş tutan satınalmaların ümumi satınalmalarda payı 2024-cü ildə əvvəlki illə müqayisədə məbləğ baxımından 16,6 faiz bəndi azalaraq 45,6% olub.
Müsabiqə əsaslı metodlar arasında məbləğ baxımından ən böyük paya malik olan açıq tender üzrə 2024-cü ildə 3688 satınalma baş tutmuş və bu satınalmaların məbləği 4 milyard 275,5 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 16,8% artım deməkdir.
Kotirovka sorğusu metodu üzrə 6113 satınalma baş tutmuş və bu, məbləğ baxımından 125,4 milyon manat təşkil edib. (2,1 dəfə artım). Hər bir baş tutmuş satınalmanın orta məbləği açıq tender metodu üzrə 1158,4 min manat (bu da əvvəlki illə müqayisədə 344,1 min manat artım deməkdir), kotirovka sorğusu metodu üzrə 20,5 min manat (əvvəlki illə müqayisədə 0,1 min manat azalma), bir mənbədən satınalma metodu üzrə isə 547,4 min manat (əvvəlki illə müqayisədə 64,8 min manat azalıb) təşkil edib.
Qeyd edək ki, ötən il bir mənbədən satınalma metodu tətbiq edilməklə 9781 satınalma keçirilib. Bu da ümumi sayın 49,9%-ni, məbləğ baxımından isə 5 milyard 355 milyon manat və ya 54,4%-ni təşkil edib.