BAKI, 5 sentyabr. TELEQAF

Bakı–Böyük Kəsik dəmir yolu xəttində enerji sisteminin layihələndirilməsi, təchizatı və quraşdırılması çərçivəsində Ucar–Hacıqabul sahəsində (122 km) dəyişən cərəyan sisteminin tətbiqi üzrə işlər başa çatdırılıb.

ADY-dən Teleqraf-a verilən məlumat görə, bu xətdə yük və sərnişin qatarlarının test yürüşləri uğurla həyata keçirilib.

Həmçinin enerji sərfiyyatının və texniki qulluğa sərf olunan vaxtın azadılması, təhlükəsizlik səviyyəsinin artırılması, stansiya və sahələrdə avadanlıq sayının minimuma endirilməsi məqsədilə Ucar–Hacıqabul sahəsində rabitə və işarəvermə sistemləri yenidən qurulub.

İşarəvermə sistemləri, rabitə qurğuları və idarəetmə proseslərinin paralel şəkildə işləməsinə imkan verən müasir çoxprosesli idarəetmə texnologiyasına keçid edilib.

Bununla da Bakı–Böyük Kəsik magistral dəmiryol xəttinin Ucar–Hacıqabul sahəsində dəyişən cərəyan sisteminə keçid tam təmin olunub.

Qeyd edək ki, bundan əvvəl Böyük Kəsik–Gəncə (141 km) və Gəncə–Ucar (113 km) sahələrində dəmiryol infrastrukturunun dəyişən cərəyan sisteminə keçidi təmin olunub. 2026–2027-ci illərdə isə layihənin sonuncu mərhələsi olan Hacıqabul–Bakı sahəsində (127 km) dəyişən cərəyan sisteminə keçid üzrə işlər həyata keçiriləcək.

Bununla da bütün Bakı–Böyük Kəsik xətti tamamilə dəyişən cərəyan sistemi ilə işləyəcək və Azərbaycanın dəmiryol infrastrukturu beynəlxalq standartlara uyğun modern şəbəkəyə çevriləcək.

Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin daşındığı əsas magistral dəmiryol xətti olan Bakı–Böyük Kəsik sahəsində dəyişən cərəyan sisteminin tətbiqi Orta Dəhliz üzrə yükdaşımaların əməliyyatlarının səmərəliliyinin və yük həcmlərinin artırılmasına imkan verəcək. Ümumilikdə Azərbaycan ərazisindən keçən əsas magistral dəhlizlər, xüsusilə də Orta Dəhliz bu modernləşmədən birbaşa faydalanacaq.