BAKI, 25 avqust. TELEQRAF
Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Məlumata görə, hazırda xəttin 75-106 km hissəsində torpaq işləri və mühəndis qurğularının inşası aparılır.
Layihə çərçivəsində Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının tikintisi nəzərdə tutulur. Bundan başqa, dəmir yolu xətti boyunca 40 körpünün, 26 avtomobil keçidinin, 4 tunelin, 3 qalereyanın, istinad divarlarının - ümumilikdə 553 mühəndis qurğusunun tikintisi həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, Horadiz-Ağbənd dəmiryol xətti Zəngəzur dəhlizinin əsas nəqliyyat arteriyalarından biri kimi Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə birləşdirməklə yanaşı, Orta Dəhlizin yeni seqmenti olaraq Şərq-Qərb-Şərq üzrə yükdaşımalar üçün imkanları genişləndirəcək.