BAKI, 19 avqust. TELEQRAF

Bu il dövlət büdcəsinin xərcləri 40 milyard 687,6 milyon manat səviyyəsində olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1,7 faiz azdır.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı, beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilib.

Məlumata görə, ümumilikdə 2025-ci il gözlənilən dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 59,8 faizi həcmində və ya 24 milyard 346,7 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 407,2 milyon manat və ya 1,6 faiz az), əsaslı xərclərə ümumi xərclərin 34,3 faizi həcmində və ya 13 milyard 941,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 312,8 milyon manat və ya 2,2 faiz az), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 5,9 faizi həcmində və ya 2 milyard 399,6 milyon manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək.

Müvafiq olaraq dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisi eyni olacağı, əsaslı xərclərin xüsusi çəkisi 0,1 faiz-bənd azalacağı, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,1 faiz-bənd artması gözlənilir.

2025-ci ilin dövlət büdcəsində xarici dövlət borcu üzrə 1 milyard 441,6 milyon manat, daxili dövlət borcu üzrə isə 958 milyon manat vəsait nəzərdə tutulub.